ELM VƏ TƏHSİL
Təhsil naziri müəllimlərin işə qəbulu imtahanları ilə bağlı sualları cavablandıracaq
Bakı, 29 iyul, AZƏRTAC
Təhsil naziri Emin Əmrullayev avqustun 4-ü saat 16:00-da feysbuk səhifəsi üzərindən müəllimlərin işə qəbulu imtahanları ilə bağlı sualları cavablandıracaq.
AZƏRTAC xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmrullayev şəxsi feysbuk səhifəsində paylaşım edib.
Qeyd olunub ki, izləyicilər sualları avqustun 3-ü saat 17:00-dək bu paylaşımın rəy bölməsində qeyd edə bilər.
Xatırladaq ki, iyulun 5-də 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilib. Mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. Test imtahanı mərhələsinə iyulun 5-də start verilib və avqustun 2-də başa çatacaq.
Müsabiqəyə müraciət edənlərdən 59 min 171 nəfərin ərizəsi isə qəbul olunub. Müsabiqədə iştirakı uyğun hesab edilən namizədlərdən 18 nəfəri ümumi təhsil müəssisələrində fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərib və 3 ildən az müddətə işdən ayrılmış şəxslərdir. Bu namizədlər diaqnostik qiymətləndirmə balı ilə birbaşa vakansiya seçimi mərhələsində iştirak edəcəklər. 59 min 153 namizəd isə müsabiqənin test imtahanı mərhələsində iştirak edəcək.