ELM VƏ TƏHSİL
Təhsildə Keyfiyyət Təminatı Agentliyi avqust ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb
Bakı, 2 avqust, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) avqust ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb.
Bu barədə AZƏRTAC-a TKTA-dan məlumat verilib. Bildirilib ki, may ayı üzrə 415 müraciətin 350-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 65 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Tədris dili üzrə bilik səviyyəsi qənaətbəxş olmaması səbəbi ilə 21, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 18, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 16, digər səbəblər üzrə 10 nəfərin müraciətinə mənfi cavab verilib.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 181, Türkiyədən 100, Ukraynadan 55, Böyük Britaniyadan 11, Gürcüstandan 23, digər ölkələrdən isə 45 müraciət olunub. Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 28, iqtisadiyyat üzrə 26, tibb üzrə 113, biznesin idarə edilməsi 22, stomatologiya üzrə 12 nəfər müraciətçi qeydə alınıb. Sənədlərə ortalama baxılma müddəti 16 gün təşkil edib.