ELM VƏ TƏHSİL
Tələbə və məzunlar üçün karyera istiqamətli silsilə təlimlər uğurlu nəticə verib
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Təcrübə və karyera şöbəsi tərəfindən tələbə və məzunlar üçün növbəti onlayn konsultasiya keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, “Zoom” platforması üzərindən təşkil olunan konsultasiya şöbənin müdiri Xanlar Qəniyev və karyera üzrə mütəxəssis Afaq Sadiqova tərəfindən aparılıb.
X.Qəniyev ötən ay ərzində şöbə tərəfindən təşkil olunan karyera istiqamətli silsilə görüşlərin uğurlu nəticə verdiyini söyləyib. O, 50 tələbənin ixtisaslarına uyğun vakansiyalara müraciət etdiyini, onlardan 6 tələbənin işlə təmin olunduğunu, digərlərinin isə müsahibələrə dəvət aldığını bildirib. Şöbənin mütəxəssislərinin tələbələrə ilkin karyera istiqamətində dəstək göstərməyə hər zaman hazır olduğu nəzərə çatdırılıb.
Konsultasiyada, həmçinin tələbə və məzunlara iş axtarışının səmərəli aparılması, CV-lərin düzgün tərtib edilməsi və CV sahiblərinin ən çox yol verdiyi səhvlər, iş elanlarının yer aldığı saytlar barədə məlumat verilib. Eyni zamanda, CV hazırlanması zamanı onlayn resurslardan istifadə barədə videoizahat nümayiş olunub.