ELM VƏ TƏHSİL
Təqaüdlərin artırılması gənc nəsildə elmə marağın oyanmasında əhəmiyyətli rol oynayır
Bakı, 16 fevral, AZƏRTAC
Prezident İlham Əliyevin “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” 2019-cu il 14 fevral tarıxli Sərəncamına əsasən doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlər artırılıb. Dövlət başçısı, həmçinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə xüsusi Fərman və “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Sərəncam imzalayıb. Bütün bunlar ölkə Prezidentinin elmə, təhsilə və gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində AMEA Rəyasət Heyəti Elm və Təhsil Baş İdarəsinin rəisi, akademiyanın müxbir üzvü Əminağa Sadıqov deyib.
Ə.Sadıqov bildirib ki, dövlət başçısı tərəfindən ölkəmizdə elmlə təhsilin inteqrasiyasının təmin edilməsi, gənclərin təhsilə, elmə, intellektual fəaliyyətə cəlb edilməsi, tələbələrin maddi rifahının yaxşılaşdırılması, gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması istiqamətində qəbul edilən qərarlar geniş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və gənc nəsildə elmə marağın oyanmasında əhəmiyyətli rol oynayır. Son illər Azərbaycan gəncliyi ilə bağlı mərhələli şəkildə üç dövlət proqramı qəbul olunub, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı uğurla həyata keçirilib, 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiq edilib. Azərbaycan Respublikası Gənclər Fondunun yaradılması, istedadlı gənclər üçün Prezident Mükafatının təsis edilməsi gənclərin fəaliyyətinin dəstəklənməsi və onlara əlavə yaradıcılıq imkanlarının yaradılması baxımından böyük əhəmiyyətə malikdir.
İdarə rəisi diqqətə çatdırıb ki, ölkə Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında” xüsusi Sərəncamına əsasən AMEA-nın 60-dan çox gənc tədqiqatçısı dünyanın nüfuzlu elmi mərkəzlərində doktorantura təhsili alıb. Həmin gənc alimlər artıq ölkəmizə qayıdıb, müvafiq elmi dərəcələr alaraq AMEA-nın elmi müəssisələrində və universitetlərdə uğurla fəaliyyət göstərirlər. Bu prosesin davamı olaraq ölkə başçısının tapşırığı ilə akademiyanın 5 gənc aliminin 2019-cu ildə Avropanın qabaqcıl elmi mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi məqsədilə AMEA üçün 200 min manatdan yuxarı vəsait ayrılıb. Bütün bunlar ölkəmizdə elm və təhsil siyasətinin daha effektiv şəkildə həyata keçirilməsi, beynəlxalq təhsil təcrübəsinin öyrənilməsi və tətbiqi, doktorant, magistrant və tələbələrin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasını təmin etmək məqsədi daşıyır.
Dövlətin gənclər siyasəti ilə bağlı hədəflərini əsas götürən AMEA və onun rəhbərliyi akademiyanın gənclərinin elmi və elmi-təşkilati fəaliyyətə cəlb edilməsi, onların ölkənin ictimai, sosial, mədəni həyatında daha yaxından və fəal iştirakının təmin edilməsi və stimullaşdırılması istiqamətindəki fəaliyyətini davam etdirir.