ELM VƏ TƏHSİL
Tərtər məktəblisi Avropa Coğrafiya Olimpiadasında uğur qazanıb
Bakı, 5 iyul, AZƏRTAC
Serbiyanın paytaxtı Belqradda onlayn keçirilən VII Avropa Coğrafiya Olimpiadasından növbəti uğur əldə edilib.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, 11 ölkədən məktəblilərin qatıldığı müsabiqədə Tərtər rayonu Həbib Hüseynov adına Mamırlı kənd tam orta məktəbinin XI sinif şagirdi Murad Qarayev bürünc medala layiq görülüb.
Qeyd edək ki, olimpiada 2015-ci ildən keçirilir və şagirdlərimiz bu olimpiadada üçüncü dəfə iştirak edirlər. Bu günədək həmin müsabiqədə 3 bürünc medal əldə edilib.
Olimpiadaya qatılan məktəblilərimizin hazırlıq prosesi təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Beynəlxalq coğrafiya olimpiadalarına hazırlıq” layihəsi əsasında həyata keçirilib. Layihə iştirakçıları əvvəlki tədris illərinin respublika fənn olimpiadaları qalibləri arasından seçilib.