REGİONLAR
Tərtər: səyyar qəbulda Hacıqərvənd kənd sakinlərinin müraciətləri dinlənilib
Tərtər, 24 yanvar, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır. Rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi görüşlər keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə lazımi tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, rayonun hüquq-mühafizə orqanları, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin iştirakı ilə növbəti görüş Hacıqərvənd kəndində keçirilib.
Kənd sakinlərindən Nurəddin Kərimov, Səkinə Ələsgərova, Əli Əliyev, Dilarə Mirzəyeva, Yusif Babayev və başqaları rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərinə, kəndin fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunmasına görə razılıqlarını bildirib, əhalinin həyat şəraitindən və bəzi mövcud problemlərdən söz açıblar. Hacıqərvənd kənd tam orta məktəbinin binasının əsaslı təmir olunmasına, kitabxana üçün yeni binanın tikilməsinə, əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün əlavə subartezian quyularının qazılmasına ehtiyac olduğu diqqətə çatdırılıb.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov görüşdə rayonunun sosial-iqtisadi inkişafı, infrastrukturun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.