REGİONLAR
Tərtərdə Qurban bayramı münasibətilə xeyriyyə tədbirləri keçirilib
Tərtər, 12 sentyabr, AZƏRTAC
Müsəlman dünyasının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı Azərbaycanda geniş qeyd olunur. Bu müqəddəs bayramda insanlar xeyirxah əməlləri ilə ehtiyacı olanlara yardımlar edir, kəsdikləri qurbanlardan onlara pay verirlər.
AZƏRTAC xəbər verir ki, müqəddəs Qurban bayramı respublikanın hər yerində olduğu kimi, cəbhə zonasında yerləşən Tərtər rayonunda da xoş əhval-ruhiyyə ilə qeyd olunur.
Bayram münasibətilə keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri saflıq və mərhəmət rəmzi olan Qurban bayramı münasibətilə təbrik edərək, onlara əmin-amanlıq, cansağlığı və süfrələrinə ruzi-bərəkət arzulayıb.
Cümə məscidinin axundu Sadiq Cəfərov bayramın fəzilətlərindən danışıb, dualar oxunub.
Sonra qurbanlıq qoyunlar kəsilib, Qarabağ, Böyük Vətən müharibəsi və Çernobıl əlillərinə, şəhid ailələrinə, aztəminatlı ailələrə, ahıl və tənha vətəndaşlara, təmas xəttinə yaxın yerləşən kəndlərin sakinlərinə, həmçinin hərbi hissələrə qurban payları göndərilib.
Sakinlər göstərilən maddi və mənəvi dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.