REGİONLAR
Tərtərdə “Şərq poeziyasının Xəmsə zirvəsi” adlı layihənin yekun tədbiri keçirilib
Tərtər, 21 dekabr, AZƏRTAC
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən silsilə tədbirlərlə qeyd edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər rayon Mədəniyyət Mərkəzində həyata keçirilən “Şərq poeziyasının Xəmsə zirvəsi” adlı layihənin yekun tədbiri keçirilib. Tədbirdə çıxış edənlər 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinin azərbaycançılığa, onun tarixinə və mədəniyyətinə ehtiramın təzahürü olduğunu qeyd ediblər. Bildirilib ki, milli-mənəvi dəyərlərə hörmət ulu öndər Heydər Əliyevin apardığı siyasətin mühüm tərkib hissələrindən idi. Dahi rəhbər Heydər Əliyev hər zaman Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərə xüsusi diqqət yetirib. Ulu öndər Heydər Əliyevlə başlanan ənənələr Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. 2021-ci ilin “Nizami Gəncəvi İli”, işğaldan azad olunmuş Şuşanın isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və dövlətimizin başçısının çıxışlarında milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirməsi Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisidir.
Tədbirin bədii hissəsi Mədəniyyət Mərkəzinin bədii heyəti tərəfindən Nizami Gəncəvinin əsərlərindən hazırlanmış ədəbi-bədii kompozisiyalarla, şairin əsərlərinə yazılmış muğam və musiqilərlə davam edib. Sonda il ərzində silsilə tədbirlər çərçivəsində fəal iştirak etmiş Mədəniyyət Mərkəzinin kənd filiallarının dərnək üzvləri fəxri fərmanla təltif olunub.