REGİONLAR
Tərtərdə buğda zəmilərində orta məhsuldarlıq 42,2 sentnerdir
Tərtər, 1 iyul, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda taxıl biçini başa çatmaq üzrədir.
Tərtər Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayon üzrə bu il 10 min 599,8 hektar sahədə taxıl bitkiləri becərilib. Onun da 6056,9 hektarı buğda, 4542,9 hektarı dən üçün arpadır. Havaların əlverişli keçməsindən istifadə edən Tərtər taxılçıları bu günədək 9908,7 hektar taxıl sahəsində, o cümlədən arpa sahələrinin hamısında, buğda zəmilərinin isə 5365,8 hektarında biçin aparıb, 39 min 077 ton məhsul istehsal ediblər. Hər hektardan orta məhsuldarlıq arpa sahələrində 36,2 sentner, buğda sahələrində 42,2 sentnerdir.
Qeyd edək ki, Tərtər taxılçıları keçən il 10 min 908,4 hektar taxıl sahəsindən 42 min 289,6 ton məhsul, o cümlədən 29 min 419,4 ton buğda, 12 min 870,2 ton arpa əldə ediblər. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 41,6 sentner, arpa sahələrində isə 33,7 sentner olub.