REGİONLAR
Tərtərdə ədəbi-bədii gecə: Qorxdular həq deməyə, döndülər insan dedilər
Tərtər, 9 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına və 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsinə müvafiq olaraq Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən silsilə tədbirlər keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, oktyabrın 9-da Tərtər rayon Mədəniyyət Mərkəzində Regional İdarənin Tərtər rayon nümayəndəliyi tərəfindən hazırlanan "Qorxdular həq deməyə, döndülər insan dedilər" adlı ədəbi-bədii kompozisiya təqdim olunub.
Rayon ictimaiyyətinin, mədəniyyət, təhsil və səhiyyə işçilərinin iştirak etdiyi tədbirdə regional idarənin rəis müavini Validə Nabatova, Tərtər rayonu üzrə nümayəndə Ceyhun İsmayılzadə, Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Quliyeva çıxış edərək, İmadəddin Nəsiminin yaradıcılığından, dini-fəlsəfi görüşlərindən bəhs ediblər. Bildirilib ki, Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən və 2019-cu ilin ölkəmizdə "Nəsimi ili” elan olunması ilə əlaqədar Nəsiminin 650 illiyi ölkəmizdə və onun hüdudlarından kənarda geniş şəkildə qeyd edilir. Bu, mütəfəkkir şairə dövlət səviyyəsində verilən dəyərin, hörmət və ehtiramın yüksək göstəricisidir. İmadəddin Nəsiminin 650 illik yubileyi respublikamızın hər yerində olduğu kimi, Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyindəki mədəniyyət müəssisələrində də rəngarəng tədbirlər keçirilir.
Diqqətə çatdırılıb ki, əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edən İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. İmadəddin Nəsiminin anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində misilsiz xidmətləri var. Mütəfəkkir şairin şeirlərində, qəzəllərində dərin poetik fikirlər, fəlsəfi görüşlər, dövrün elmi-fəlsəfi düşüncəsi aydın ifadə olunub.
Sonra tədbir iştirakçıları "Qorxdular həq deməyə, döndülər insan dedilər" adlı ədəbi-bədii kompozisiya baxıblar. Təqdim edilən musiqi, şeir və səhnəciklər iştirakçılar tərəfindən maraqla qarşılanıb.