REGİONLAR
Tərtərdə əhalinin içməli və suvarma suyuna olan tələbatı ödənilir VİDEO
Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən son 17 ildə ölkə üzrə 2991 subartezian quyusu qazılıb
Tərtər, 23 aprel, AZƏRTAC
Tərtər rayonunda içməli və suvarma suyuna tələbatın ödənilməsi üçün əsaslı işlər görülür. 50 ilə yaxındır əhaliyə xidmət edən köhnəlmiş subartezian quyularının istismar müddətini tamamlaması yeni quyuların qazılmasına ehtiyac yaradırdı. Hazırda bu işlər ölkənin demək olar, bütün bölgələrində davamlı şəkildə aparılır.
AZƏRTAC xəbər verir ki, Tərtər rayonunda quyular əsasən kəndə yaxın ərazilərdə, yaşayış məntəqələrində qazılır. Subartezian quyularının qazılması işlərini isə respublika üzrə Sumqayıt Melioservis İdarəsi reallaşdırır.
İdarənin rəisi Orxan İmanlı bildirib ki, Prezident İlham Əliyev meliorasiya və su təsərrüfatına hər zaman prioritet sahə kimi baxıb. Bu diqqət və qayğı nəticəsində meliorasiya sahəsində çox böyük işlər görülüb: “Son 17 ildə Prezidentin sərəncamları ilə 2991 subartezyan quyusu qazılıb. Ümumilikdə, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 8094 subartezian quyusu istifadə olunur. Quyuların hamısı tam işlək vəziyyətdədir”.
Bəli bu günə kimi qazılan quyuların hər biri tam işlək vəziyyətdədir. Ancaq ötən əsrin üçüncü yarısında istifadəyə verilən quyular üçün bu ifadəni işlətmək mümkün deyil. Hazırda uzun illər istifadə olunan və əhalinin tələbatını ödəyə bilməyən subartezian quyularının yaxınlığında yeni, müasir quyuların qazıntısı aparılır.
“Hazırda Tərtər rayonunun Hüsənli kəndində köhnəlmiş, yəni sovetlər dönəmindən qalmış quyunun bərpası işləri görülür. Belə ki, 1975-ci ildən fəaliyyətdə olan quyu öz iş rejimini tamamilə itirmişdir. Biz həmin quyunun 10 metrliyində yeni subartezian quyusu qazırıq və bu işlər Tərtər rayonu ilə yanaşı, Azərbaycanın başqa rayonlarında da həyata keçirilir. Ölkə üzrə köhnə subartezian quyularının bərpası nəzərdə tutulur. Hər il həmin quyuları növbəli şəkildə yeniləri ilə əvəzləyirik”, - deyə Orxan İmanlı əlavə edib.
Görülən işlər vətəndaşların da ürəyincədir. Əsasən bostan və tərəvəz bitkilərinin əkini ilə məşğul olan Hüsənli sakinləri suvarma suyu ilə yanaşı, artıq içməli suya olan tələbatlarının da ödəniləcəyini bildirirlər.
Yeni qazılan və dərinliyi 150 metr olan subartezian quyusu 15 günə kənd əhalisinin istifadəsinə veriləcək. Quyunun qazıntı işləri yekunlaşdıqdan sonra elektrik enerjisi ilə təmin ediləcək.