REGİONLAR
Tərtərdə heyvandarlıq məhsullarının istehsalı artıb
Tərtər, 27 yanvar, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq davamlı inkişaf edir. Rayonda heyvanların sayı və heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.
Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2018-ci il yanvarın 1-nə Tərtərdə 27 min 367 baş qaramal, 60 min 351 baş qoyun və keçi, 262 min 764 baş ev quşu, 2881 arı ailəsi olub. İribuynuzlu mal-qaranın 99,3 faizi, xırdabuynuzlu heyvanların 94,8 faizi, quşların hamısı ailə-kəndli və ev təsərrüfatlarına məxsusdur.
Ötən il rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 2869,3 ton diri çəkidə ət, 21 min 629,9 ton süd, 7950 min ədəd yumurta, 131,2 ton yun istehsal edilib. 2016-cı ilə nisbətən ət istehsalı 2,8 faiz, süd istehsalı 7,5 faiz, yumurta istehsalı 1,7 faiz, yun istehsalı 5,3 faiz artıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artımı ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması 2017-ci ildə də uğurla davam etdirilib. Rayon kənd təsərrüfatı idarəsindən verilən məlumata görə, ötən il 1145 baş inək və düyə süni yolla mayalandırılıb, 392 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmental” cinslərindən olan buğaların toxumları istifadə edilir.