REGİONLAR
Tərtərdə şəkər çuğunduru istehsalı artıb
Tərtər, 2 noyabr, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda torpaq mülkiyyətçiləri və fermerlərin becərdikləri əsas kənd təsərrüfatı bitkilərindən biri şəkər çuğundurudur. Vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.
Tərtər rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumata görə, torpaq mülkiyyətçiləri bu il 1187 hektar sahədə şəkər çuğunduru əkiblər. Bu, ötən illə müqayisədə 463 hektar çoxdur. Tərtərli fermerlər bu günədək 697,5 hektar sahədə məhsul toplayıb, 29 min 407 ton çuğundur əldə ediblər. Hər hektarın məhsuldarlığı orta hesabla 421,6 sentner təşkil edir ki, bu da 2015-ci ilə nisbətən 71,5 sentner çoxdur. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilir. Hazırda fermerlər çuğundur yığımını davam etdirirlər.
Gələn il rayonda 2000 hektar sahədə şəkər çuğunduru əkilməsi planlaşdırılır.