CƏMİYYƏT
Tibb Universitetində antibiotiklərə həssaslıq testlərinin standartlaşdırılması mövzusunda simpozium keçirilib
Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında antibiotiklərə həssaslıq testlərinin standartlaşdırılmasına həsr olunan simpozium keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, simpoziumun məqsədi ölkəmizin bütün xəstəxanalarında antibiotiklərə həssaslıq testi nəticələrinin standart formada verilməsinin təmin edilməsi, standart metodların müzakirə olunması və bölgələrdəki laboratoriya həkimlərinin beynəlxalq yeniliklər haqqında məlumatlandırılmasından ibarət olub.
Klinikanın direktoru Samir Allahverdiyev simpoziumun məqsədi və əhəmiyyəti barədə məlumat verib.
Dünya Səhiyyə Təşkilatının nümayəndəsi Onur Karatuna antibiotiklərə həssaslığın müəyyənləşdirilməsi sahəsində Türkiyə təcrübəsi və beynəlxalq miqyasda antibioqram testləri, bu sahədə tətbiq edilən standartlar və s. barədə məruzə edib.
Simpoziumun təşkilat komitəsinin katibi İskender Karaltı, Səhiyyə Nazirliyinin nümayəndəsi Fikriyə İbrahimli, ATU-nun tibbi mikrobiologiya və immunologiya kafedrasının dosenti Samir Cavadov, Tədris Terapevtik Klinikasının həkimi Bayram Tağıyev və türkiyəli mütəxəssis Yavuz Barbaros antibiotiklərə həssaslıq testlərinin standartlaşdırılmasının müxtəlif aspektlərini özündə əks etdirən məruzələri dinlənilib.