CƏMİYYƏT
Tibb Universitetinin insan anatomiyası və tibbi terminologiya kafedrası beynəlxalq konqresdə uğurla təmsil olunub
Bakı, 28 iyul, AZƏRTAC
Türkiyənin Kapadokya şəhərində “İdman, Antropologiya, Qidalanma, Anatomiya və Radiologiya üzrə SANAR 2020” ikinci beynəlxalq konqresi keçirilib. Azərbaycan Tibb Universitetinin insan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Vaqif Şadlinskinin rəhbərliyi ilə kafedranın əməkdaşları onlayn formada keçirilən konqresdə uğurla çıxış ediblər.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konqres Kapadokya Universiteti ilə Ankara Universiteti, Nevşehir Hacı Bektaş Veli Universiteti, Ankara Yıldırım Beyazıt Universiteti və Yüksek İhtisas Üniversitetinin birgə fəaliyyəti nəticəsində baş tutub. Konqresə ümumilikdə, 7 ölkənin 45 universitetindən 300-ə yaxın tədqiqatçı qatılıb.
Dörd gün ərzində keçirilən konqres işini 29 bölmədə davam etdirib.
İnsan anatomiyası və tibbi terminologiya kafedrasının əməkdaşlarından professor Gülqız Hüseynovanın “Axacağı S-şəkilli əyrilik əmələ gətirən sidik kisəsi vəzilərinin morfoloji xüsusiyyətləri”, dosent Sədaqət Rüstəmovanın “Tirositlərin həyati və ölümdən sonrakı deskvamasiyasının morfoloji xüsusiyyətləri”, baş müəllim Gülnarə Kərimzadənin “Üz sinirinin yanaq şaxəsinin topoqrafiyası” mövzularında çıxışları diqqətlə dinlənilib.