SİYASƏT
“TimesKuwait” qəzetində Azərbaycan səfirinin 18 oktyabr - Müstəqillik Günü ilə bağlı müsahibəsi dərc olunub
Bakı, 18 oktyabr, AZƏRTAC
Küveytin ingilis dilli “Times Kuwait” qəzetində 18 oktyabr- Azərbaycanın Müstəqillik Günü ilə bağlı səfir Elxan Qəhrəmanın geniş müsahibəsi dərc olunub.
Azərbaycanın Küveytdəki Səfirliyindən AZƏRTAC-a bildirilib ki, müsahibədə səfir Azərbaycanın müstəqillik tarixindən, ikitərəfli münasibətlərdən danışmaqla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də Küveyt oxucularına ətraflı məlumat verib. Eyni zamanda, Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu hərbi əməliyyatlar və torpaqlarımızın işğaldan azad olunmasını qeyd edib.
Səfir qeyd edib ki, 1991-ci ildə Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə qardaş Türkiyədir. Ölkəmizin üzv olduğu ilk beynəlxalq təşkilat isə İslam Əməkdaşlıq Təşkilatıdır. 1992-ci ildə Azərbaycan BMT-nin üzvü olmaqla beynəlxalq ictimaiyyətin tamhüquqlu üzvünə çevrildi. Bu gün Azərbaycan demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.
Azərbaycan-Küveyt əlaqələri ilə bağlı suala cavabında səfir münasibətlərin qarşılıqlı hörmətə, dostluğa, xüsusilə də bu münasibətləri möhkəmləndirən ümumi İslam irsinə və tarixə əsaslandığını qeyd edib. 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Küveytə rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoydu.
Diplomat Azərbaycanın Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələrdən biri olduğunu vurğulayıb. O, ölkəmizin həyata keçirdiyi enerji və nəqliyyat layihələrini qeyd edib. Səfir adambaşına düşən gəlirə və digər göstəricilərə görə Azərbaycanın regionun lider ölkəsi olduğunu diqqətə çatdırıb.
Səfir, həmçinin Azərbaycanın COVID-19 ilə mübarizə istiqamətində gördüyü işləri də qeyd edib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı cavablandıran E.Qəhrəman Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə ətraflı məlumat verib. O bildirib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməni, eləcə də digər beynəlxalq təşkilatların qərarlarını yerinə yetirmir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunu işğal edib. Münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onlar ən vacib hüquqlarından birindən - öz torpaqlarında yaşamaq hüququndan məhrum ediliblər. Bu gün bizim mübarizəmiz məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını təmin etməkdir.
Səfir Ermənistanın sentyabrın 27-dən başlayaraq Azərbaycana qarşı həyata keçirdiyi hərbi təxribatlardan və Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatlarından da bəhs edib. O qeyd edib ki, bu münaqişənin həlli regiondakı bütün ölkələr, o cümlədən Ermənistanın özü üçün də faydalı olar.