DÜNYA
Tokioda vaxtilə cənubi Kuril adalarında yaşamış sakinlərin mitinqi keçirilib
Tokio, 1 dekabr, AZƏRTAC
Yaponiyada şimal torpaqları adlandırılan cənubi Kuril adalarında vaxtilə yaşamış sakinlər dekabrın 1-də Tokionun mərkəzində həmin adaların geri qaytarılması tələbi ilə mitinq-yürüş keçiriblər.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, mitinq-yürüşdə təqribən 500 nəfər iştirak edib. Mitinqdə, həmçinin Okinava və şimal əraziləri işləri naziri Mitsuhiro Miyakoşi də iştirak edib. M.Miyakoşi bəyan edib ki, birgə bəyannamənin imzalandığı 1956-cı ildən bəri ilk dəfə real danışıqlar zamanı gəlib və Yaponiyanın əsas mövqeyi dörd adanın hamısının mənsubiyyəti dəqiqləşdikdən sonra sülh müqaviləsinin imzalanmasını nəzərdə tutur.
Mitinq dekabrın 1-də Argentinada Yaponiyanın Baş naziri Şinzo Abe ilə Rusiya Prezidenti Vladimir Putin arasında gözlənilən yüksək səviyyəli danışıqların fonunda keçirilib.
Xatırladaq ki, noyabrın 14-də Sinqapurda keçirilən görüşdə Ş.Abe və V.Putin iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün danışıqların 1956-cı il oktyabrın 19-da imzalanmış birgə bəyannamə əsasında sürətləndirilməsi barədə razılığa gəliblər. Sənəddə iki dövlət arasında müharibə vəziyyətinin aradan qaldırılması və diplomatik münasibətlərin bərpa edilməsi öz əksini tapıb. Bəyannamənin 9-cu bəndində sovet hökumətinin Şikotan adasını və digər kiçik adalar silsiləsini Yaponiyaya qaytarmaq barədə razılığı öz əksini tapıb və qeyd olunub ki, həmin adalar sülh müqaviləsi imzalandıqdan sonra Tokionun nəzarəti altına keçəcək. Həmin bəyannamə 1956-cı il dekabrın 8-də hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunub.
Lakin 1960-cı ildə Yaponiya-ABŞ təhlükəsizlik müqaviləsi imzalandıqdan sonra SSRİ adaların qaytarılması barədə öhdəliyini ləğv edib. Sovet hökumətinin 1960-cı il 27 yanvar tarixli xatirə qeydində vurğulanır ki, həmin adalar yalnız bütün xarici qoşunlar Yaponiya ərazisindən çıxarıldıqdan sonra qaytarıla bilər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio