REGİONLAR


Torpaq idarəçiliyi ilə bağlı Ağcabədidə işgüzar forum keçirilib

Bakı, 17 iyul, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) torpaq idarəçiliyi sahəsində münasibətlərin tənzimlənməsi üçün inzibati tədbirlərdən öncə maarifləndirici işlər həyata keçirir. Komitə iri torpaq mülkiyyətçilərini, bələdiyyələri və digər hüquqi və fiziki şəxsləri bu sahədəki qanunvericiliyin tələbləri ilə mütəmadi olaraq tanış edir, onları tətbiq edilən yeniliklərlə bağlı məlumatlandırır.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti maarifləndirici işgüzar forum iyulun 17-də Ağcabədi rayonunda keçirilib. Tədbirdə yerli icra hakimiyyətləri, bələdiyyələr, aidiyyəti dövlət qurumlarının nümayəndələri, iri torpaq mülkiyyətçiləri və media nümayəndələri iştirak ediblər.

İşgüzar Forumların keçirilməsinin əsas məqsədi bələdiyyələri, iri torpaq mülkiyyətçilərini digər aidiyyəti qurumları torpaqların qanunvericiliyin tələblərinə uyğun istifadəsi ilə bağlı məlumatlandırmaq, onlara torpaqların kateqoriyası və təyinatına uyğun istifadəsi ilə əlaqədar müvafiq qanunun müddəalarına riayət edilməsinin vacibliyini bildirməkdir. Eyni zamanda torpaq istifadəçilərinə bu sahədəki hüquq və vəzifələrini agah etmək, vətəndaşlara torpaqlar ayrılan zaman qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyini bildirmək, torpaqların təyinatının dəyişdirilməsi qaydalarını izah etmək də forumun əsas vəzifələrindəndir.

Tədbirdə dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaqların kateqoriyasına zidd olaraq torpaq sahələrində tikintilərin aparılması barədə məsələlər izah olunub. Qeyd olunub ki, bəzi yerlərdə torpaqların münbit qatının korlanması ilə nəticələnən, mühafizə zolaqlarının tələblərinə riayət edilməyən torpaq istifadəçiliyinə rast gəlinir. Aparılan monitorinqlər zamanı qanunsuz fəaliyyət göstərən karxanalar, süni göllər aşkar edilir. Bundan başqa bir sıra hallarda vətəndaşlar onlara məxsus mülkiyyətin ətrafındakı torpaqları zəbt edir və hasarlayırlar.

Forumda kənd təsərrüfatı torpaqlarının istifadəsiz saxlanılması və ya kateqoriyasına zidd istifadəsi barədə məsələlər müzakirə edilib. Torpaq bazarının formalaşması və torpaq inzibatçılığı ilə bağlı yaranan məsələlər barəsində fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, artıq müxtəlif torpaq istifadəçiliyi ilə bağlı məlumat bankı yaradılır.

Daha sonra komitə nümayəndəsi “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini tənzimləyən normativ hüquqi aktlar, onların tələbləri, bu tələblərin pozulması halları və onları yaradan səbəb və şərait barədə” təqdimatla çıxış edib. Bundan başqa torpaqların təyinatının dəyişdirilməsi, bələdiyyə torpaqlarının ayrılması və hərraclar vasitəsilə satılması qaydaları da izah edilib. Bələdiyyələr tərəfindən torpaqlar ayrılan zaman komitənin rəyinin alınmasının vacibliyi bildirilib. Torpaq idarəçiliyində normativ hüquqi aktların tələbləri, bu tələblərin pozulması halları, onları yaradan səbəb və şərait barədə məlumat verilib. Bundan başqa iştirakçılar bu sahədə müasir dövrün çağırışları nəzərə alınaraq tətbiq edilən yeni prinsiplər və mexanizmlər barədə informasiya əldə ediblər. Bildirilib ki, torpaqların idarə edilməsində Peyk Nəzarət Sistemindən istifadə olunmasına başlanılır. Bu da torpaqlardan təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib, müvafiq tədbirlər görməyə imkan verəcək.

Sonda vətəndaşları maraqlandıran, torpaqla bağlı gündəlik qarşılaşdıqları məsələlərə dair suallar dinlənilib. Onlara komitənin nümayəndələri tərəfindən müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun olaraq zəruri izahatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.