İQTİSADİYYAT
Torpaqların elektron kadastr uçotunun yaratdığı imkanlar
Bakı, 14 aprel, AZƏRTAC
Bəzi vətəndaşların torpaq sənədlərindəki məlumatlarla faktiki vəziyyət arasındakı uyğunsuzluqlar mövcuddur. Bu göstəricilərin uyğun gəlməməsi isə torpaq mübahisələrinə, eləcə də qeydiyyat məsələlərində çətinliklərə gətirib çıxarır. Bəs bu məsələlər necə həll olunacaq?
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 mart tarixli Fərmanına əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilən torpaqların elektron kadastr uçotunun qurulması və rəqəmsal xəritələrin hazırlanması işləri çərçivəsində bu məsələlər tədricən öz həllini tapır. Belə ki, pay torpaqlarının faktiki yerləşdiyi məkan göstəriciləri ilə sənədlərdəki məkan göstəriciləri arasındakı uyğunsuzluqlar müəyyənləşdirilərək aradan qaldırılır.
Ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin icrasına artıq başlanılıb. Layihə zamanı torpaq sahələrinin koordinatları, yerləşmə vəziyyəti, kadastr planı, o cümlədən hər bir mülkiyyətçiyə məxsus olan sahənin ölçüsü dəqiqləşir. Bununla da, vətəndaşlar pay torpaqlarına dair hüquqi sənədləri xidmətin ərazi ofislərinə təqdim edərək çıxarışları rahatlıqla əldə edə biləcəklər.
Sənədlərə ediləcək dəyişikliklər...
Uyğunsuzluqlar aradan qaldırılan zaman torpaq sahələri ilə bağlı dəyişiklik olduqda, həmin torpaqlarla bağlı sənədlərə də dəyişiklik ediləcək. Əgər araşdırma nəticəsində aşkar edilsə ki, torpağın faktiki ölçüləri sənəddə göstəriləndən azdır, onda yeni sənədlərdə torpağın faktiki ölçüləri qeyd ediləcək. Amma bunun üçün mülkiyyətçinin, istifadəçinin və ya icarəçinin yazılı razılığı alınacaq. Araşdırma zamanı müəyyən olunsa ki, torpağın faktiki sahəsi sənəddə göstəriləndən artıqdır, onda artıq torpaq sahəsi zəbt edilmiş sahə kimi nəzərə alınacaq. Zəbt olunmuş torpağın ölçüləri və mülkiyyəti isə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemində göstəriləcək.
Dövlət nəzarəti təkmilləşdirilir
Torpaq idarəçiliyində mühüm layihələrdən olan elektron kadastr uçotu işlərinin sayəsində ölkədə torpaq fondunun idarə edilməsi elmi əsaslarla aparılır, torpaq balansı dəqiqləşdiliir. Kadastr uçotu işləri aparılarkən torpaqların ümumi həcmində bələdiyyə, dövlət, özəl torpaqların payı müəyyənləşir, bələdiyyə xəritəsi tərtib edilir. Bütün bunlar isə torpaqlar üzərində dövlət nəzarətinin müasir dövrün prinsiplərinə uyğunlaşdırılmasına imkan yaradır.
Aqrar sahənin inkişafına təsiri
Torpaqların elektron kadastr uçotu işləri zamanı torpaqların münbitlik dərəcəsi öyrənilir, aqrar sahənin inkişafı ilə bağlı düzgün qərarlar qəbul edilir. Artıq bu işlər nəticəsində torpaqlardan təyinatı üzrə istifadənin vəziyyəti ilə bağlı məlumatlar daha rahat və dəqiq əldə olunur. Bu məlumatlardan aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi proqramı çərçivəsində istifadə etməsi mümkün olacaq.