REGİONLAR
Tovuzda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər yaralanıb VİDEO
Tovuz, 28 iyul, AZƏRTAC
Gecə saatlarında Tovuz rayonunun Aşağı Quşçu kəndində yol nəqliyyat hadisəsi qeydə alınıb. Hərəkətdə olan iki “VAZ-2106” markalı minik maşınları toqquşub.
AZƏRTAC xəbər verir ki, qəza zamanı avtomobillərin birində olan sərnişin 56 yaşlı Tovuz rayonunun Aşağı Quşçu kənd sakini Tağıyeva Rəna Fərman qızı hadisə yerində ölüb. Digər sərnişinlər Aşağı Quşçu kənd sakini 59 yaşlı Tağıyev Fərman Həsən oğlu, 6 yaşlı Tağıyev Fərid Rahib oğlu və Qovlar şəhər sakini 27 yaşlı Əliyev Rəmzi Xanoğlan oğlu xəsarət alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edək ki, qəzaya düşən Tağıyevlər bir ailənin üzvləridir. Hadisə yerinə Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları cəlb olunublar. Müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı araşdırma aparılır.