REGİONLAR
Tovuzda yerli sənətkarların əl işləri turistlərin marağına səbəb olur VİDEO
Tovuz, 8 mart, Famil Quliyev, AZƏRTAC
Tovuz rayonunda yerli sənətkarların əl işləri, adət-ənənəmizi özündə əks etdirən suvenirlər turistlərin marağına səbəb olur.
Belə suvenirləri hazırlayan sənətkarlardan biri də Tovuz sakini Tahir Həsənovdur. Onun oyma və taxtadan hazırladığı maketlər görənlərdə maraq doğurur. Sənətkar kiçik modelləri hazırlayarkən hətta tullantı əşyalardan da istifadə edir. O, baxdığı filmlərdən, oxuduğu kitablardan əldə etdiyi məlumatları sənətində tətbiq edir. Tovuzlu sənətkarın düzəltdiyi gəmi maketi isə daha çox diqqət cəlb edir.
Tahir Həsənov hazırladığı suvenirləri sataraq dolanışığımı təmin edir. O deyir ki, suvenirlər, modellər, tətbiqi sənət nümunələri incə əl işi ilə hazırlandığından uzun vaxt tələb etsə də, ucuz başa gəlir.
Tovuzlu usta daha böyük gəmi maketi düzəltmək fikrindədir. O, hazırlayacağı növbəti gəmi maketinin uzunluğunun 1,5 metr olacağını deyir. T.Həsənov müxtəlif sərgilərə də dəvət alır və bayramlarda, tədbirlərdə əl işlərini nümayiş etdirir. Rayona gələnlər onun evinin qarşısında da səyyar şəkildə əl işlərini görür və maraqlanırlar.