REGİONLAR
Tovuzlu sazbənd karantin dövründə düzəltdiyi sazlara sosial şəbəkədən müştəri də tapıb REPORTAJ VİDEO
Tovuz, 6 may, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzlu sazbənd Sahib Hüseynov xüsusi karantin rejiminin tətbiq olunduğu günlərdə evdə boş oturmayıb, vaxtını emalatxanasında keçirib.
AZƏRTAC xəbər verir ki, rayonun Qovlar şəhərində yaşayan Hüseynovlar ailəsində atadan oğula keçən sazbəndlik peşəsi bu gün də yaşadılır. 50 yaşlı sazbənd Sahib Hüseynov bu sənətin sirlərini hazırda ona emalatxanada yardım edən oğluna aşılayır.
Pandemiya ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi sənətkarın fəaliyyətinə də təsirsiz ötüşməyib. Lakin o, lazım olan xammal və materialı vaxtında tədarük etdiyindən, həmin günlərdə həyətdəki emalatxanasında çalışıb. “Alıcılıq zəifləsə də, mən sazları düzəldib emalatxanaya yığmışam. Artıq karantin rejimi yumşaldılıb, bu günləri tezliklə arxada qoyacağıq. Müştərilərim də əvvəlki kimi sazları alacaqlar”, - deyə usta bildirib.
Sazbəndin dediyinə görə, özü də hərdən sazın sehrinə düşür, yorulanda onları dilə gətirməklə istirahət edir.
Həm respublika daxilində, həm də qonşu ölkələrdə onun düzəltdiyi bu musiqi alətləri ilə maraqlananlar çoxdur. Sahib usta Dədə Qorqud yadigarı olan sazın ən dəyərli musiqi alətlərimizdən biri olduğunu bildirir. Öz balaca emalatxanasında saz düzəldən usta deyir ki, bir sazı ərsəyə gətirmək üçün 30 gün və bəzən daha çox vaxt sərf olunur. Ona bu işlərində oğlu Sərxan yaxından kömək edir.
O ki qaldı, düzəltdiyi sazların dəyərinə, karantin rejimi qiymətlərə təsir etməyib. Elə köhnə qiymətə satılır. Əl işlərinin şəkillərini sosial şəbəkələrdə paylaşdığı üçün müştərilərinin əksəriyyətini də elə internet vasitəsilə tapır. İnsanlar qiymətlərlə maraqlanır və usta ilə əlaqə qururlar. Məsələn, cürə sazlar 100-150 manata, ana və tavar sazlar isə material və sifarişindən asılı olaraq 250-400 manata alıcılara təklif olunur.