CƏMİYYƏT
Treninq iştirakçılarına səsvermə günü prosedurları barədə ətraflı məlumat verilir
Bakı, 13 mart, AZƏRTAC
Martın 13-də 17 saylı Yasamal III seçki dairəsi dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün maarifləndirici treninq davam edib.
AZƏRTAC xəbər verir ki, treninqdə plana uyğun olaraq, məntəqə seçki komissiyasının sədrləri və üzvləri iştirak ediblər.
Dairə seçki komissiyasının sədri Qədir Kərimov treninqdə trenerlər iştirakçıları səsvermə günü onların görəcəkləri işlərlə, seçki məntəqələrinin açılışına hazırlıqlarla, səsvermə saatlarında həyata keçiriləcək tədbirlərlə bağlı məlumatlandırırlar. Bu treninqlər dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması, onların seçkilər sahəsində bilik, bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədini daşıyır.
Diqqətə çatdırılıb ki, 17 saylı Yasamal III seçki dairəsi üzrə 28 min 451 seçici qeydiyyatdadır. Seçicilərin 480 nəfəri ilk dəfə səs verəcək.
Dairə seçki komissiyasının üzvü Fəxrəddin Məhərrəmov tərəfindən aparılan treninqdə seçkilərə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması prosesi və səsvermənin nəticələrinin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının üzvlərinin vəzifələri və fəaliyyətlərinin təşkili məsələlərindən, aşağı seçki komissiyaları tərəfindən seçki hüququnun qorunması mexanizmlərindən də danışılır. Həmçinin iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi daxil olmaqla bütün səsvermə günü prosedurları barədə məlumat verilir, suallar cavablandırılır. İştirakçılara MSK tərəfindən hazırlanmış “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri sənəd nümunələri təqdim olunur.