REGİONLAR
Tur-aksiyalar şagirdlərə respublikamızın tarixini, mədəniyyətini daha yaxından öyrənməyə imkan yaradır
Daşkəsən, 26 mart, Rauf Hacıyev, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiyaya Daşkəsən rayonunun məktəbliləri də qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 26-da Daşkəsən Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsi işçilərinin və valideynlərin iştirakı ilə şagirdlərin rayonun Heydər Əliyev meydanından yola salınması mərasimi keçirilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Namiq Süleymanov bildirib ki, Daşkəsən məktəbliləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutunun iştirakçısı olacaqlar. Qrupa daxil olan şagirdlər 4 gün ərzində bu rayonlardakı tarixi yerlər, Heydər Əliyev mərkəzləri və tarix-diyarşünaslıq muzeyləri barədə zəngin bilik toplayacaqlar. Bu da şagirdlərdə Vətənimizin dilbər guşələri haqqında daha geniş məlumat əldə etməyə imkan verəcək.
Çıxış edən valideynlər ölkəmizi daha yaxından tanımaq üçün övladlarına yaradılan şəraitə və şagirdlərin dünyagörüşünün yüksəldilməsində, onların azərbaycançılıq ruhunda böyüməsində mühüm əhəmiyyət kəsb edən tur-aksiyaların təşkilinə görə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə çıxış edən Daşkəsən şəhər 2 saylı orta məktəbin 9-cu sinif şagirdi Arzu Əlizadə deyib: “Səfərimizin maraqlı və faydalı olacağına inanıram. Tur-aksiya bizə Vətənimizi daha yaxından tanımaq, bildiklərimizi praktik cəhətdən zənginləşdirmək imkanı yaradacaq. Eyni zamanda, bu səfərdə yeni dostlar qazanacağıq. Bir sözlə, hamının geriyə maraqlı və xoş təəssüratlarla dönəcəyinə əminəm”.
Sonda ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzən 40 məktəblidən ibarət qrup Qəbələ rayonuna yola düşüb.