İQTİSADİYYAT
Tural Məmmədov: Son zamanlar daha çox fərdi insanlar kiberhücuma məruz qalır
Bakı, 13 mart, Pərvanə Rəhimova, AZƏRTAC
İndiki vəziyyətdə kiberhücumlarla mübarizədə texniki vəziyyətdən çox insanların bilgiləri əsas rol oynayır. Hücumların haradan edilməsi istiqaməti heç vaxt real deyil. Çünki heç bir cinayətkar öz kompüterindən, öz ünvanından cinayət törətmir.
AZƏRTAC xəbər verir ki, bu barədə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi nəzdində Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin direktoru Tural Məmmədov martın 13-də VI Regional İnternet İdarəçilik Forumu çərçivəsində keçirilən “Kibertəhlükəsizlik sahəsində beynəlxalq təcrübə” mövzusunda sessiyada deyib.
Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin fəaliyyəti barədə məlumat verən T.Məmmədov əlavə edib ki, 2008-ci ildə fəaliyyətə başlayan mərkəz 300-dən çox dövlət qurumuna xidmət edir, 500-dən çox informasiya resursu ilə əlaqəli işləyir, 160-dan çox serverə nəzarət edir. Mərkəz aylıq 300-350 sorğunu cavablandırır.