ELM VƏ TƏHSİL
Turan Cavidin anadan olmasının ildönümünə həsr edilmiş tədbir
Bakı, 1 oktyabr, AZƏRTAC
AMEA Hüseyn Cavidin ev-muzeyində böyük şair və dramaturq Hüseyn Cavidin qızı Turan Cavidin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Hüseyn Cavidin ev-muzeyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu müəssisənin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı Turan xanımın atasının irsini qoruyub gələcək nəsillərə çatdırmaq, Cavidlər ailəsinin xatirəsini əbədiləşdirmək kimi böyük missiyanı üzərinə götürərək, bu işin öhdəsindən layiqincə gəldiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, Hüseyn Cavidin əsərlərinin beşcildliyi Turan xanımın uzun illər apardığı mətnşünaslıq işinin, elmi axtarışların nəticəsi idi.
Elmi ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva muzeydə böyük şair Hüseyn Cavidin 1982-1985-ci illərdə nəşr olunan dördcildliyinin nadir bir nüsxəsinin saxlanıldığını, bu dördcildliyin hər səhifəsinin Turan xanımın redaktə edərək ilkin variantına gətirildiyini söyləyib.
Elmi fondlar şöbəsinin müdiri Cəmilə Rzayeva Hüseyn Cavidin ev-muzeyinin ulu öndər Heydər Əliyevin qayğısı nəticəsində yaradıldığını vurğulayıb. O, eyni zamanda, Turan Cavidin vaxtilə rəhbərlik etdiyi bu muzeyin fondunda onun həyat və yaradıcılığına da işıq tutan materialın qorunduğunu deyib.
Sonra Turan Cavidin ömür salnaməsini əks etdirən materiallardan ibarət sərgiyə baxış olub.