ELM VƏ TƏHSİL
Turizm və Menecment Universitetində beynəlxalq təlimlər keçirilib


Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Layihələrin İdarə Edilməsi Assosiasiyasının (AzPMA) əməkdaşlığı çərçivəsində universitetdə Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə beynəlxalq təlimlər keçirilib. Təlimlər “Azərbaycanın ali təhsil müəssisəsində layihə menecmenti tədris potensialının artırılması və layihələrin idarə olunması üzrə kompetensiyaların gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. AzPMA-nın vitse-prezidenti Fərid Kazımovun apardığı təlimlərdə layihələrin idarə edilməsi və Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının (IPMA) standartları ilə beynəlxalq sertifikasiya hazırlıq həyata keçirilib. Təlimdə “Waterfall”, “Agile”, “Scrum” və digər metodologiyaların praktik tətbiqi öyrənilib. Tələbələr, həmçinin layihələrdə risklərin, kommunikasiyaların, satınalmaların, keyfiyyətin idarə edilməsi üzrə biliklər əldə ediblər.
Təlimdə bloklardan biri layihə menecmentinin məhsulların yaradılmasında və inkişafında müasir roluna aid olub. Bu blok çərçivəsində təşkilatların strategiyası və məhsul üzrə viziyon, məhsulların yaradılmasında layihə menecmentinin rolu və s. mövzular praktik öyrənilib.
Bu təlimin xüsusiyyətlərindən biri də praktik tapşırıqların geniş istifadəsi, praktik keyslərin tətbiqi, məşğələ çərçivəsində əldə edilən biliklərin dərhal tətbiqi və tələblərə “layihə təfəkkürünün” aşılanması olub.
Təlimlərin sonunda tələbələr Layihələrin İdarə Edilməsi Beynəlxalq Assosiasiyasının standartları ilə “Project Management Associate” beynəlxalq sertifikasiya imtahanında iştirak edərək yüksək nəticə göstəriblər.
Layihəyə qoşulan tələbələr gənc mütəxəssislər üçün nəzərdə tutulan IPMA təşkilatının “Young Crew” beynəlxalq təşəbbüsünə ATMU komandasının aktiv üzvü kimi qoşulmaq imkanı əldə ediblər.