ELM VƏ TƏHSİL
Turizm və Menecment Universitetinin əməkdaşı “PICASP” layihəsi çərçivəsində görülən işlərdən danışıb

Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Keyfiyyət təminatı şöbəsinin müdiri Faina Qaçabəyova Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Erasmus+” ali təhsil sahəsində potensialın gücləndirilməsi proqramının layihəsi olan “Xəzər regionunun inkişafını dəstəkləmək məqsədilə universitet-sənaye əməkdaşlığını həyata keçirən təcrübə müəssisələri pilot kursları” (PICASP) layihəsinin üzvlərinin görüşündə çıxış edib.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib.
Faina Qaçabəyova universitet tərəfindən layihənin icrası ilə əlaqədar görülmüş işlər, layihənin icrasına əngəl törədən səbəblər, o cümlədən COVID-19 pandemiyası səbəbindən təlimlərin təxirə salınması ilə əlaqədar yaranan çətinlikləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Layihə tərəfdaşları olan Xəzəryani ölkələrdə həmin çatışmazlıqların aradan qaldırılması məqsədilə təkliflər irəli sürüb.
İtaliya, Litva, Polşa, Qazaxıstan və Rusiyadan olan layihə tərəfdaşlarının da iştirak etdiyi tədbirin davamında digər ölkə nümayəndələrinin çıxışları dinlənilib və layihənin müsbət təsirini artırmaq üçün qərarlar qəbul olunub.
Qeyd edək ki, Azərbaycan Turizm və Menecment Universiteti ənənəyə sadiq qalaraq müxtəlif beynəlxalq proqram və layihələrdə iştirakı davam etdirir. Fərqli ölkələrin təhsillə əlaqədar təcrübəsini öyrənməklə inkişafa yönəlmiş tədbirlər həyata keçirir. Hazırda universitetin tərəfdaş olduğu “PICASP” və “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihələri də buna nümunədir.