ELM VƏ TƏHSİL
Turizm və Menecment Universitetinin nümayəndəsi beynəlxalq tədbirdə çıxış edib
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Keyfiyyət təminatı şöbəsinin müdiri Faina Qaçabəyova Tbilisidə keçirilən “Peşəkar assosiasiya və bilik mübadiləsi vasitəsilə Azərbaycanda ali təhsilin beynəlmiləlləşdirilməsinin genişləndirilməsi” mövzusunda beynəlxalq seminarda iştirak edib.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, seminarda ATMU-nun nümayəndəsi beynəlxalq təhsil modellərindən bəhs edib. O, ATMU və Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə son 15 il ərzində uğurla davam edən ikili diplom proqramı haqqında məlumat verib və müştərək diplomların icrasında dayanıqlı inkişafa nail olmaq istiqamətində təkliflərini konkret faktlar əsasında diqqətə çatdırıb.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, ABŞ-ın ölkəmizdəki səfirliyi, Midlberi Beynəlxalq Araşdırmalar İnstitutu, Təhsil İnstitutunun nümayəndələri və Azərbaycan Beynəlxalq Təhsil Menecerləri Assosiasiyasının idarə heyəti Tbilisidə yerləşən dörd təhsil müəssisəsinə təşkil olunan tura qatılıblar. Təhsil müəssisələrində beynəlmiləlləşmə mühitində fəaliyyət hədəfləri ilə tanış olublar.
ABŞ-ın Azərbaycan və Gürcüstandakı səfirliyi, Midlberi Beynəlxalq Araşdırmalar İnstitutu və Azərbaycan Beynəlxalq Təhsil Menecerləri Assosiasiyasının təşəbbüsü ilə keçirilən tədbir gündəliyə uyğun olaraq fəaliyyətini Bakıda davam etdirib.
Bakıda keçirilən tədbirdə Faina Qaçabəyova ali təhsilin beynəlmiləlləşməsi ilə əlaqədar Gürcüstan təcrübəsinin Azərbaycanda tətbiqi barəsində paneldə çıxış edərək bu sahədə ictimai vəkillik sisteminin vacibliyi, əcnəbi tələbələrin qəbulu üçün ali təhsil müəssisələri tərəfindən təklif olunan xidmətlərin təkmilləşdirilməsi, təhsil müəssisələrində çalışan əməkdaşların xarici dillə əlaqədar səriştələrinin inkişafı kimi məsələlərə aydınlıq gətirib.