MƏDƏNİYYƏT
“Turizmin inkişafı sahəsində gənclərin rolunun artırılması” layihəsi həyata keçiriləcəkdir
Bakı, 8 sentyabr (AZƏRTAC). “Azad Gənclər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Turizmin inkişafı sahəsində gənclərin rolunun artırılması” layihəsini həyata keçirəcəkdir.
İctimai birlikdən AZƏRTAC-a bildirmişlər ki, layihənin təlimçi tərəfdaşı “IB Training Alliance” təlim-məşq mərkəzidir.
Layihənin məqsədi gənclərin biznes biliklərinin artırılması və sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsidir.
Gənclər layihədə iştirak etməklə turizm sahəsində biznes plan hazırlamağın, sahibkarlıq fəaliyyətinə başlamağın və idarəçiliyin əsaslarını öyrənəcəklər. Təlim-məşqlər interaktiv üsulla keçiriləcək və təlimçilər nəzəri biliklərlə bərabər təcrübi məlumatlarla da təmin ediləcəkdir.
Layihə çərçivəsində 2 təlim kursunun keçirilməsi planlaşdırılır. Bu təlimlərin hər birində 25 gəncin iştirakı nəzərdə tutulmuşdur. İştirakçılar “Turizm nədir”, “Turizm biznesinin dövlət iqtisadiyyatında rolu”, “Biznes plan nədir və nə üçün lazımdır” kimi suallara cavab tapacaqlar.
Layihənin yekununda təlimin iştirakçıları turizm sektoruna aid müxtəlif biznes planlar hazırlayacaqlar.
“Turizmin inkişafı sahəsində gənclərin rolunun artırılması” layihəsinin birinci təlim kursu sentyabrın 9-da başlayacaq və 10 gün davam edəcəkdir.