ELM VƏ TƏHSİL


“Türk dilləri araşdırmaları” toplusu nəşr olunacaq

Bakı, 14 mart, AZƏRTAC

Martın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Humanitar Elmlər Bölməsinin (HEB) növbəti ümumi yığıncağı keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə vitse-prezident, akademik İsa Həbibbəyli gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb.

İclasda Prezident İlham Əliyevin görkəmli şəxsiyyətlərin yubileyləri ilə bağlı sərəncamlarının icrası məsələsinə baxılıb. Akademik İsa Həbibbəyli dövlət başçısının imzaladığı müvafiq sənədlərə əsasən, şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik, dramaturq Cəfər Cabbarlının 120 illik, akademik Həmid Araslının 110 illik yubileyləri ilə əlaqədar bölməyə daxil olan elmi müəssisələrdə keçirilən tədbirlər haqqında geniş məlumat verib. Bildirib ki, silsilə tədbirlər ilin sonuna kimi davam edəcək.

HEB-ə daxil olan elmi müəssisələrdə 2018-2019-cu tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri müzakirə olunub. Bildirilib ki, cari tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 22 nəfər qəbul olunub. Müzakirələrdən sonra bölmə dissertasiya mövzuları və elmi rəhbərləri təsdiq edib, qəbulun nəticələrinin AMEA-nın Rəyasət Heyətinə təqdim olunmasını qərara alıb.

Tədbirdə “Türk dilləri araşdırmaları” toplusunun nəşri məsələsinə baxılıb. Bildirilib ki, toplu Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi tərəfindən hazırlanıb. Müzakirədən sonra nəşrin çapı ilə bağlı müvafiq qərar verilib.

Bölmənin növbəti qərarı ilə filologiya üzrə elmlər doktoru Məhərrəm Qasımlı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin müdiri vəzifəsinə təsdiq olunub. Həmin institutun mətbuat tarixi və publisistika şöbəsinin müdiri vəzifəsinə filologiya üzrə elmlər doktoru Vüqar Əhməd, uşaq ədəbiyyatı şöbəsinin müdiri vəzifəsinə filologiya üzrə elmlər doktoru Elnarə Akimova, yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsinə isə filologiya üzrə elmlər doktoru İslam Qəribov təsdiq olunublar. İclasda həmçinin digər kadr məsələlərinə baxılıb.

Sonra cari məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.