MƏDƏNİYYƏT
Türk və ərəb dünyasına məxsus mədəni mirasın təşviq edilməsi vacibdir
Bakı, 16 fevral, AZƏRTAC
Fevralın 16-da Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurumun türk dünyasına xas irs və mədəniyyətin qorunması, təbliği ilə bağlı əsas fəaliyyət istiqamətləri, eləcə də gələcək planları barədə məlumat verib.
G.Əfəndiyeva həm türk dünyası mədəniyyətinin, həm də ümumərəb mədəniyyətinin bütövlükdə bəşər sivilizasiyasına verdiyi töhfələrin önəmini qeyd edib.
Günay Əfəndiyeva Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinin əhəmiyyətinə toxunaraq, dinimizin yüksək mənəvi dəyərləri təbliğ etdiyini, İslamın terrorla eyni tutulmasının yanlış olduğunu vurğulayıb.
Ə.Sami öz növbəsində deyib ki, türk və ərəb dünyasına məxsus mədəni mirasın təşviq edilməsi vacibdir. O, bu sahədə Fond ilə Mərkəz arasında qarşılıqlı əməkdaşlığın inkişafına inamını ifadə edib.
“İslam Həmrəyliyi İli” çərçivəsində iki qurum arasında müştərək layihə və tədbirlərin həyata keçirilməsi təklifi müzakirə olunub.
Sonda G.Əfəndiyevaya Misir Ali Təhsil Nazirliyinin mədəni fəaliyyətin qiymətləndirilməsi üzrə mükafatı təqdim edilib.