SİYASƏT
Türkdilli Dövlətlərin Biznes Şurasının növbəti toplantısı Qırğızıstanda keçiriləcək
Türkdilli Dövlətlərin Biznes Şurasının 4-cü toplantısı Qırğızıstanın İssıkkul şəhərində keçiriləcək. Oktyabrın 24-də Şuranın Naxçıvan şəhərində keçirilən toplantısında bu barədə qərar qəbul edilib.
Bu barədə AZƏRTAC-a müsahibəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov məlumat verib.
R.Həsənov bildirdi ki, Biznes Şurasının təşkilatçılığı ilə bu il noyabr ayının sonunda İstanbulda quruma üzv olan ölkələrin ticarət və sənaye palatalarının rəhbərlərinin iştirakı ilə toplantı da keçiriləcək. Həmin toplantıda sərmayə yatırımlarının coğrafiyasının genişləndirilməsi və əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq.
Baş katib qeyd etdi ki, bu il iyunun 5-də Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev Şuranın nəzdində birgə Sərmayələr Fondunun yaradılmasını təklif edib və bu təklif türkdilli ölkələrin prezidentləri tərəfindən dəstəklənibdir. Bodrum sammitinin deklarasiyasında da bu, öz əksini tapıb. Bununla bağlı Türkdilli Dövlətlərin Biznes Şurasının III toplantısında qərara alındı ki, Azərbaycan Prezidentinin təklifini yerinə yetirmək üçün aparılacaq müzakirələrdən sonra Şura tərəfindən təkliflər paketi hazırlansın, üzv ölkələrin hökumətlərinə, xüsusilə həmin ölkələrin iqtisadiyyat və sənaye nazirliklərinə göndərilsin. Gələn il Qazaxıstanda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Zirvə toplantısınadək Sərmayə Fondunun yaradılması ilə bağlı müzakirələrin yekunlaşacağı gözlənilir.
“İl ərzində Türkdilli Dövlətlərin Biznes Şurasının işində fəal iştirak edən iş adamlarının mükafatlandırılması təklifi də toplantıda müzakirə olundu və belə qərar qəbul edildi ki, Türkiyə tərəfinin bu məsələ ilə bağlı verdiyi təkliflər üzv dövlətlərin hökumətlərinə göndərilsin, əlavə və düzəlişlərdən sonra qəbul edilsin”, – deyən R.Həsənov əlavə etdi ki, həmin xüsusi mükafat 6 nominasiyada iki ildən bir türkdilli ölkələrin iqtisadiyyat və sənaye nazirlərinin toplantısında iş adamlarına təqdim ediləcək.