CƏMİYYƏT
Türkiyə xəstəxanasında koronavirusla bağlı müayinə edilən çinli qadın xüsusi ambulansla vətəninə göndərilib
İstanbul, 24 yanvar, AZƏRTAC
Türkiyənin Səhiyyə naziri Fahrettin Koca ilk dəfə Çində aşkarlanan və dünyada sürətlə yayılan koronavirusla (2019-nCoV) bağlı mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, nazir çərşənbə günündən etibarən Çindən Türkiyəyə gələn bütün sərnişinlərin hava limanlarında xüsusi cihazlarla yoxlanıldığını, bədən temperaturu 38 dərəcədən yüksək olanların müayinə edildiyini qeyd edib. O, bu günədək hansısa şübhəli vəziyyətin olmadığını bildirib.
Qeyd edilib ki, İstanbulun Böyükçekmece rayonunda yerləşən Memar Sinan Dövlət Xəstəxanasında müayinə edilən çinli qadın turist 36 saat nəzarətdə saxlanıldıqdan sonra öz istəyi ilə xüsusi ambulansla vətəninə geri göndərilib. Hazırda xəstənin təhlilləri tam nəticə verməyib.
Qeyd edək ki, Çin hökuməti ərazini karantin altına aldıqdan bu ölkənin hava yolu şirkəti tərəfindən həftədə üç dəfə həyata keçirilən Uxan-İstanbul səfərləri dayandırılıb. Hava limanlarında karantin otaqları gücləndirilmiş iş rejiminə keçib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul