DÜNYA
Türkiyədə koronavirusa ən çox yoluxma halı İstanbulda qeydə alınıb
İstanbul, 4 aprel, AZƏRTAC
İstanbul, İzmir, Ankara, Konya və Kocaeli şəhərləri Türkiyənin koronavirus riski ən yüksək olan bölgələrdir. Belə ki, ölkədə son qeydə alınan 20 min 921 koronavirus xəstələrinin əksəriyyəti bu şəhərlərdədir. Ən çox yoluxma halı isə 12 min 231 nəfərlə İstanbulda qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, xəstəlikdən ölüm hallarının əksəriyyəti də bu şəhərlərdə olub. Koronavirusa yoluxanların 210-u İstanbul, 27-si İzmir, 14-ü isə Kocaelidə dünyasını dəyişib.
Hazırda ölkədə qabaqlayıcı tədbirlər artırılır. Bir neçə gün əvvəl 65 yaşdan yuxarı olan şəxslərin bayıra çıxmalarına qadağa qoyulmuşdu. Hazırda bu qadağaya yaşı 20-dən az olanlar da əlavə edilib. Bundan əlavə bu gecədən etibarən ölkənin bazar və market kimi bütün işlək ictimai obyektlərində maska taxma məcburiyyəti tətbiq olunacaq.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul