DÜNYA
Türkiyəli mütəxəssislərin növbəti qrupu GRT studiyalarının təchizatını yeniləşdirmək üçün Qaqauziyaya gəlib
Kişineu, 19 sentyabr, AZƏRTAC
Türkiyənin TRT teleradio şirkətinin təmsilçilərindən ibarət növbəti nümayəndə heyəti Qaqauziya Muxtar Ərazi Qurumuna gəlib. AZƏRTAC gagauzinfo.md xəbər portalına istinadla bildirir ki, bu səfərin məqsədi Qaqauziya televiziyasının xəbərlər və proqram studiyalarının təchizatını yeniləşdirmək imkanlarını öyrənməkdir.
Qaqauziya başqanı İrina Vlax və muxtar ərazi qurumunun Xalq Məclisinin sədri Dmitri Konstantinov nümayəndə heyətinin üzvləri ilə görüşüblər.
TRT-nin İstanbuldakı nümayəndə heyətinin rəhbəri Əbdülhəmid Avşar Ankaradakı TRT kompleks studiyasının rəhbəri Yusuf Yıldırım muxtar qurumun rəhbərliyi ilə telekommunikasiyalar sahəsində gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Türkiyə teleradio şirkətinin nümayəndələri bildiriblər ki, yaxın vaxtlarda TRT-nin baş direktorunun bu muxtar əraziyə səfəri planlaşdırılır.
GRT-nin icraçı direktor əvəzi İvanna Köksal qeyd edib ki, türkiyəli mütəxəssislər Qaqauziya televiziyasına ciddi texniki yardım göstəriblər. Türkiyəli mütəxəssislər qrupu bundan əvvəl GRT ötürücü stansiyalarında təmir-profilaktika işləri aparıblar.
Zeynal Ağazadə
AZƏRTAC-IN xüsusi müxbiri
Kişineu