DÜNYA
Türkiyənin Səhiyyə naziri: Koronavirus yayılmasına görə Anadoluda ikinci pik həddini yaşayır
Ankara, 24 oktyabr, AZƏRTAC
Yeni növ koronavirus (COVID-19) infeksiyası Anadolu bölgəsində yayılmasına görə ikinci pik həddini yaşayır. Gündəlik yoluxmada kəskin artım müşahidə olunur. Artım dinamikası vilayətlər və şəhərlər üzrə dəyişir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyənin Səhiyyə naziri Fahrettin Kocaya məxsusdur. Nazir infeksiyanın daha sürətlə yayıldığı Bursa bölgəsinə səfəri çərçivəsində şəhər mərkəzi xəstəxanasında epidemiyanın ölkə ərazisindəki vəziyyəti ilə bağlı geniş məlumat verib. Nazir bir daha infeksiyadan qorunmaq üçün tələb olunan şərtlərə, təmizlik, maska taxmaq və məsafə gözləmək qaydalarına əməl olunmasının vacibliyinə dair çağırışlar edib.
Qeyd edək ki, oktyabrın 23-də sutka ərzində Türkiyə üzrə 115 min 979 nəfər testdən keçirilib. Onlardan 2 min 165 nəfərdə infeksiya aşkarlanıb. Bu göstərici daha əvvəlki gündən 65 nəfər çoxdur. Orta hesabla hər gün yoluxmada yüz nəfərə yaxın artım müşahidə olunur. Gün ərzində 74 nəfər ölüb, 1493 nəfər sağalıb. Yuxarıda qeyd olunan tarixədək ölkədə 357 min 693 nəfərdə infeksiya aşkarlanıb, 9 min 658 nəfər ölüb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara