DÜNYA
UKRAYNA PREZİDENTLİYİNƏ NAMİZƏD VİKTOR YUŞŞENKO ONUN ZƏHƏRLƏNDİRİLMƏSİ İLƏ BAĞLI CİNAYƏT İŞİNDƏN YAYINIR
AZƏRTAC-ın Ukrinformdan aldığı xəbərə görə, Ukrayna Baş prokurorluğu prezidentliyə namizəd Viktor Yuşşenkonun qəsdən zəhərləndirilməsinin mümkünlüyü ilə bağlı apardığı təhqiqat barədə bəyanat yaymışdır. Cinayət işi sentyabrın 22-də Ukrayna Cinayət Məcəlləsinin 112-ci maddəsi (Dövlət xadiminin və ya ictimai xadimin həyatına qəsd) üzrə qaldırılmışdır. Baş prokurorluq tam, obyektiv və hərtərəfli təhqiqat aparmağa, hadisənin bütün hallarını araşdırmağa hazır olduğunu bildirmişdir. Sənəddə deyilir: “Lakin prezidentliyə namizədin özü və ona yaxın olan ayrı-ayrı xalq deputatları istintaqdan yayınırlar ki, bu da cinayətin açılması üçün əhəmiyyət kəsb edən halların hərtərəfli aydınlaşdırılmasına mane olur”.
Baş Prokurorluğun bəyanatında deyilir ki, Viktor Yuşşenkonun səhhəti sentyabrın 6-da, o, Çerniqov vilayətindən qayıtdıqdan dərhal sonra pisləşmişdir. Yuşşenko isə yalnız sentyabrın 9-da məşhur Vyana xəstəxanasında tibbi yardım almağa başlamış və sentyabrın 18-də vətənə qayıtdıqdan sonra qəsdən zəhərləndirildiyini qəti surətdə bəyan etmişdir.