DÜNYA
UKRAYNA VƏ TÜRKİYƏ YÜKSƏK TEXNOLOGİYALAR SAHƏSİNDƏ BİRGƏ LAYİHƏLƏR HƏYATA KEÇİRƏCƏK
AZƏRTAC Ukrinforma istinadla xəbər verir ki, Ukraynanın Baş naziri Viktor Yanukoviç Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla yanvarın 17-də Ankarada apardığı danışıqlardan sonra bildirmişdir ki, danışıqların əsas yekunlarından biri iki ölkə arasında ticarət-iqtisadi münasibətlərdə ixrac-idxal əməliyyatlarından yüksək texnologiyalar sahəsində birgə layihələrin gerçəkləşdirilməsinə keçilməsi haqqında razılaşma əldə edilməsindən ibarətdir.
Yanukoviç həmçinin demişdir ki, Ukrayna və Türkiyənin üçüncü ölkələrin bazarlarına birlikdə çıxması və sərmayə yatırımı sahəsində əməkdaşlığın genişləndirilməsi haqqında razılaşma əldə edilmişdir.
Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Türkiyə ilə Ukrayna arasında əmtəə dövriyyəsinin həcmi 2010-cu ilədək 10 milyard dollar səviyyəsinə çatdırılmalıdır. Ötən il bu göstərici 4 milyard dolları keçmişdir.
Elə həmin gün Ankarada Ukrayna hökumət nümayəndə heyəti Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş, Ukrayna Müdafiə Nazirliyi ilə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı arasında “Qara dəniz harmoniyası” əməliyyatı çərçivəsində informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında protokol imzalamışdır.