SİYASƏT
UNEC Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına qarşı əks-hücum əməliyyatına başlayaraq, torpaqlarımızın işğaldan azad etməsini qürurla izləyir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qısa müddətdə əldə etdiyi ardıcıl qələbələr xalqımızın döyüş əzmini daha da artıraraq, böyük ruh yüksəkliyi yaradır.
UNEC rəşadətli ordumuza zəfər yürüşündə dəstək və həmrəylik nümayiş etdirir. Bu məqsədlə universitetin 250 əməkdaşı könüllü olaraq Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb. UNEC-dən AZƏRTAC-a bildirilib ki, əməkdaşların Silahlı Qüvvələrə Yardım Fonduna könüllü olaraq vəsait köçürməsi prosesi davam edir.
Universitetin kollektivi Ali Baş Komandanın rəhbərliyi altında tariximizdə yeni şanlı səhifə yazan, qürur mənbəyimiz olan şanlı ordumuza yeni zəfərlər arzulayır.
Qarabağ Azərbaycandır!