MƏDƏNİYYƏT
UŞAQ ƏDƏBİYYATINA HƏSR OLUNMUŞ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçıların XI qurultayı qarşısında ədəbiyyatımızın müxtəlif sahələri ilə bağlı müşavirələr keçirilir. Bu silsilədən növbəti müşavirə uşaq ədəbiyyatına həsr olunmuşdur. AZƏRTAC-ın müxbiri xəbər verir ki, müşavirəni Birliyin sədri, Milli Məclisin deputatı, xalq yazıçısı Anar açaraq uşaq ədəbiyyatının inkişaf etdirilməsinin əhəmiyyətindən danışmışdır.
Yazıçılar Birliyinin üzvü, şair Qəşəm Nəcəfzadə “Azərbaycanda uşaq ədəbiyyatının vəziyyəti” mövzusunda məruzə etmişdir. Natiq Azərbaycan ədəbiyyatı tarixində uşaq ədəbiyyatının yaradılması, tutduğu mövqe barədə ətraflı söz açmış, klassik uşaq ədəbiyyatı ilə müasir uşaq ədəbiyyatı nümunələrinin müqayisəli təhlilini vermişdir.
Yazıçı-dramaturq Əli Səmədli, “Göyərçin” jurnalının baş redaktoru Rafiq Yusifoğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Zahid Xəlil və başqaları çıxış edərək uşaq ədəbiyyatının inkişaf etdirilməsi ilə bağlı təkliflər vermişlər.