DÜNYA
ÜST B.1.617 mutasiyasını hələlik “narahatlıq doğuran variant” hesab etmir
Cenevrə, 26 aprel, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun ilk dəfə Hindistanda rast gəlinən B.1.617 mutasiyası ilə bağlı təmkinli olmağa və tələsik qərarlar qəbul etməməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, təşkilat virusun bu variantını müşahidə edir və onun hələlik “narahatlıq doğuran variant” olması qənaətində deyil. Beynəlxalq qurumdan, həmçinin bildirilib ki, bu variantin hazırda Hindistanda koronavirusa yoluxma hallarının sürətlə artmasına hansı miqyasda təsir göstərməsi barədə dəqiq məlumat yoxdur. Yüksək artıma bir neçə faktor səbəb ola bilər və onların hamısını diqqətdə saxlamaq lazımdır.
Eyni zamanda bildirilib ki, B.1.617 mutasiyasının xəstəliyin daha ağır gedişatına səbəb olması və nəticədə ölüm hallarının artımına təsiri də qəti olaraq müəyyən edilməyib. Ölüm hallarının kəskin artımı eyni zamanda xəstəxanaların normadan artıq yüklənməsi ilə də izah olunur.
Qeyd edək ki, aprelin 26-da Hindistanda 24 saat ərzində koronavirusa 350 min yeni yoluxma halı baş verib. 1,3 milyard əhalisi olan Hindistanda indiyədək 17 milyon yoluxma halı qeydə alınıb.
ÜST indiyədək koronavirusun üç variantının “narahatlıq doğuran” səviyyədə olduğunu elan edib. Bunlar Böyük Britaniya (B.1.1.7), Cənubi Afrika (B.1.351) və Braziliya (P.1) variantlarıdır. Beynəlxalq quruma görə “narahatlıq doğuran” səviyyədə elan olunmaq üçün virus variantı aşağıdakı xüsusiyyətlərə malik olmalıdır: sürətlə yayılma, ağır xəstəliklərə səbəb olma, orqanizmin immun sisteminin nəzarətinə tabe olmama, indiyədək məlum olan mübarizə vasitələrinin təsirini aşağı salma.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə