CƏMİYYƏT
Ucarda döyülən şəxsin aldığı xəsarətlərdən xəstəxanada ölməsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 11 iyul, AZƏRTAC
İyulun 10-da saat 03 radələrində Ucar rayonunun Bərgüşad kənd sakini Bayram Abbasovun bir və ya bir neçə şəxs tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alması və aldığı xəsarətlərdən iyulun 11-də Göyçay Rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə məlumat daxil olub.
Ucar Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.
Cinayəti törətmiş şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb olunması istiqamətində hazırda prokurorluq və polis əməkdaşları tərəfindən təxirəsalınmaz və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.