İQTİSADİYYAT


“Uğur yolu” Karyera İnkişaf Proqramının finalçılarına sertifikatlar təqdim olunub

Bakı, 6 dekabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyində “Uğur yolu” Karyera İnkişaf Proqramının seçmə mərhələlərində uğur qazanmış və final mərhələsinə yüksəlmiş iştirakçılara sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev finalçıları təbrik edib, yeni nəsil idarəçilərin hazırlanması və rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılmasında onların mühüm rolunu vurğulayıb. Qeyd olunub ki, idarəetmədə səmərəli nəticələr əldə etmək üçün peşəkar yanaşma tərzinin formalaşması, strateji və taktiki planlaşmanın aparılması, bilik, təcrübə və komanda işinin vəhdəti ilə göstərilən fəaliyyət idarəçilikdə uğurun əsasıdır. Nazir müavini “Uğur yolu” Karyera İnkişaf Proqramının finalçılarından gözləntiləri ifadə edib, əldə olunmuş təcrübə və bacarıqların gələcəkdə uğurla tətbiq ediləcəyinə əminliyini bildirib.

Tədbirdə “Uğur yolu” Karyera İnkişaf Proqramının finalçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə yaradılan “Uğur yolu” Karyera İnkişaf Proqramı intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi, onların hərtərəfli inkişafı və peşə hazırlığının dəstəklənməsi, yüksək potensiallı əməkdaşlardan rəhbər vəzifələr üçün kadr ehtiyatı bankının formalaşdırılmasını təmin etmək məqsədilə təsis olunub. Bu il Proqramın ilk müsabiqəsi keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.