REGİONLAR
Ulu Öndər Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas edərək, hərtərəfli inkişaf yoluna çıxarıb
Naxçıvan, 8 dekabr, AZƏRTAC
Ümummilli Liderimizin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövr təkcə bu qədim diyarın deyil, bütün Azərbaycanın gələcək taleyində mühüm rol oynayıb. Naxçıvanın ağır günlər yaşadığı, blokada çətinliyinin və işğal təhlükəsinin getdikcə dərinləşdiyi bir vaxtda Ulu Öndərin rəhbərliyi ilə muxtar respublikada tarixi qərarlar qəbul edilib, dövlət müstəqilliyinin bərpasının əsası qoyulub.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinin iştirakı ilə keçirilən “Əbədiyaşar lider” mövzusunda elmi-praktik konfransda səsləndirilib.
Elmi-praktik konfransda Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyevin, Naxçıvan Dövlət Universitetinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanovun, Naxçıvan Dövlət Universitetinin ümumi tarix kafedrasının dosenti Abdulla Mustafayevin məruzələri dinlənilib.
Məruzələrdə qeyd edilib ki, xalqımızın böyük oğlu Azərbaycanın uğurlu gələcəyinə işıq salan mükəmməl inkişaf konsepsiyası hazırlayıb və mənalı ömrünü bu ideyaların həyata keçirilməsinə həsr edib. Görkəmli dövlət xadimi Azərbaycanın müqəddəratının həll olunduğu bütün təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatıb, onu zamanın ağır məngənəsindən xilas edib.
Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövrünü əhatə edən 1969-1982-ci illər Azərbaycan tarixinə iqtisadi və milli-mədəni yüksəliş dövrü kimi daxil olub. Həmin dövrdə xalqımızın böyük oğlunun rəhbərliyi ilə respublika həyatının bütün sahələrində kompleks tədbirlər həyata keçirilib, Azərbaycan ittifaq respublikaları içərisində inkişaf tempinə görə öncül mövqeyə yüksəlib, tarixi-mədəni irsimiz, milli dəyərlərimiz qorunub yaşadılıb, gələcək müstəqilliyin bünövrəsi qoyulub.
Bildirilib ki, 1993-cü ildə Azərbaycanda xaos, vətəndaş müharibəsi alovlananda xalqımız Ümummilli Liderinə yenidən üz tutdu, nicatını onun hakimiyyətə qayıdışında gördü. Görkəmli dövlət xadimi Azərbaycanı hərc-mərclikdən, müstəqilliyini itirmək təhlükəsindən xilas edərək ictimai-siyasi sabitlik və hərtərəfli inkişaf yoluna çıxardı. 1993-2003-cü illərdə Vətənə və xalqına xidmət nümunəsi göstərən Heydər Əliyev doğma Azərbaycanın davamlı inkişafını təmin etdi.
Elmi-praktik konfransda “O, Heydər Əliyev idi” sənədli filmi nümayiş etdirilib.
Sonra tələbələr muzeyin ekspozisiyası ilə tanış olublar.