CƏMİYYƏT
Ulu Öndər bütün həyatını xalqımızın xoşbəxtliyinə həsr edib
Bakı, 10 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin nurlu xatirəsi ürəklərdə daim yaşayacaq. Ulu Öndər bütün həyatını xalqımıza, onun xoşbəxtliyinə, parlaq gələcəyinə həsr edib.
Bu fikirləri dahi rəhbər Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn Azərbaycan Respublikasının müharibə veteranı, I qrup əlil Altay Namazov AZƏRTAC-a müsahibəsində deyib.
Qüdrətli şəxsiyyət Heydər Əliyevin doğma Vətən və xalq qarşısında müstəsna tarixi xidmətlərindən danışan Altay Namazov bildirib ki, Ümummilli Lider müasir müstəqil dövlətimizi qurub, onu bütün dünyaya tanıdıb. Bu gün Azərbaycan çox sürətlə inkişaf edir. Ölkəmiz müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Müharibə veteranı respublikamızda qazanılan nailiyyətlərin görkəmli dövlət xadimi Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu vurğulayıb.