ELM VƏ TƏHSİL


Ulu Öndərin xatirəsinə həsr edilən futzal yarışlarının ADMİU təmsilçiləri mükafatlandırılıb

Bakı, 7 may, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş ali məktəb tələbələri arasında futzal yarışlarının yekunu ilə bağlı tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a ADMİU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən ADMİU-nun prorektoru professor Gülşən Əliyeva-Kəngərli ulu öndər Heydər Əliyevin şərəfli ömür yolundan, fəaliyyətindən bəhs edib. Qeyd edib ki, hələ sovet dönəmində ümummilli lider Heydər Əliyev mədəniyyətin maddi-texniki bazasının inkişafına, bu sahədə istedadlı və savadlı kadrların hazırlanmasına xüsusi diqqət göstərirdi. Çünki bilirdi ki, yaxın gələcəkdə Azərbaycan Respublikası mütləq müstəqil olacaq və həmin Azərbaycanın inkişafında, tanınmasında bu kadrlar önəmli rol oynayacaq: “Azərbaycanın son otuz beş illik tarixi ümummilli lider Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz dahi şəxsiyyət Heydər Əliyev fenomeni sayəsində baş tutub. Ulu Öndər ölkəyə rəhbərlik etdiyi dövrdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, dünya azərbaycanlılarının bu Ümummilli Liderinin heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb. Ulu Öndərin fəaliyyəti nəticəsində 1969-1982-ci illərdə postsovet məkanında 50-dən çox şəhərdə, 170-dən çox nüfuzlu ali məktəbdə 15 mindən çox azərbaycanlı tələbə təhsil alıb”.

Gülşən Əliyeva görkəmli dövlət xadimi Heydər Əliyevin səyi və bilavasitə tapşırığı ilə dramaturq Hüseyn Cavidin nəşinin Naxçıvana gətirilməsini xatırladıb və bu faktı Ümummilli Liderin mədəniyyətə olan diqqətinin əsas nümunələrindən biri kimi dəyərləndirib.

ADMİU-nun magistrantı Yusif Cəfərbəyli “Heydər Əliyev və gənclik” mövzusunda məruzə ilə çıxış edib. Sonra ADMİU Tələbə Həmkarlar İttifaqının sədri Cavid Əhmədov çıxış edərək Ulu Öndərin xatirəsinə həsr olunan turnir haqqında məlumat verib. O, universitet tələbələrinin həmin tədbirdə uğurla təmsil olunduqlarını bildirərək onları təbrik edib.

Sonda yarışlarda iştirak edən tələbələrə fəxri fərman və hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.