SİYASƏT


Ulu öndər Heydər Əliyev Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirdi

Qars, 10 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə ölkəmizin Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunda geniş tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Daha sonra xalqımızın xilaskar oğlunun həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.

Rəsmi hissədə Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyev və vali Türkər Öksüz çıxış ediblər.

Çıxışlarda ümummilli lider Heydər Əliyevin təxminən yarım əsri əhatə edən siyasi fəaliyyətinin ayrı-ayrı istiqamətlərindən danışılıb. Diqqətə çatdırılıb ki, dünya şöhrətli siyasi və dövlət xadiminin əsas amalı qurub-yaratmaq, insanların güzəranını yüksəltmək, ölkəni inkişaf etdirmək və dövləti qüdrətləndirmək olub. Ümummilli Lider siyasi hakimiyyətinin ikinci dövründə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verib. Azərbaycan və Türkiyənin liderliyi ilə regionda həyata keçirilən beynəlxalq layihələrin tarixi əhəmiyyətindən bəhs edən çıxışçılar vurğulayıblar ki, bütün bu işlər bütövlükdə Avrasiya məkanı üçün strateji xarakter daşıyır. Bu layihələr arasında Bakı-Tbilisi-Qars dəmir yolu xətti Türkiyənin şərq və cənub-şərq bölgələrinin inkişafına birbaşa təsir göstərən uğur kimi dəyərləndirilib.

Qeyd olunub ki, Ulu Öndər hələ Naxçıvan Ali Məclisinin Sədri olduğu dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin dinamik inkişafı üçün əsaslı zəmin yaradıb. Hazırda Türkiyənin şərq vilayətləri ilə Azərbaycanın Naxçıvan bölgəsi arasında inkişaf edən əlaqələr bu siyasətin bəhrəsidir.

Əminliklə bildirilib ki, qədirbilən Azərbaycan və Türkiyə xalqları Heydər Əliyev şəxsiyyətini hər zaman ehtiramla yad edəcəklər. Çünki bu mirasın qorunmasında və inkişafında ulu öndər Heydər Əliyevin tarixi missiyası var. Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri əbədi və sönməzdir.

Azərbaycanın Türkiyənin Qarsdakı Baş Konsulluğunun konsulu Tural Həsənov Azərbaycanda diplomatik xidmət orqanlarının yaranması, keçdiyi inkişaf yolu və müasir dinamikası barədə məlumat verib.

Sonra ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi şərəfinə Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğunun həyətində xatirə ağacları əkilib.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Qars

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.