REGİONLAR
Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə humanitar aksiyalar təşkil edilib
Naxçıvan, 12 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə humanitar aksiyalar təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasının Naxçıvan Muxtar Respublika Xəstəxanasında təşkil etdiyi humanitar tibbi aksiya da həkim-oftalmoloqlar, anestezioloqlar, rezident-həkimlər, tibb bacıları və texniki heyətdən ibarət geniş səyyar briqada iki gün ərzində 170-dən çox müayinə aparıb, onlara məsləhət və tövsiyələr verib. Səyyar aksiyada göstərilən xidmətlərdən yaşlı nəslin nümayəndələri ilə yanaşı, gənclər də istifadə ediblər.
Mərkəzin baş həkimi Aytən Sultanova Naxçıvan Muxtar Respublika Xəstəxanasında belə müayinələrin ayda bir dəfə olmaqla, ilboyu keçiriləcəyini bildirib.
Naxçıvan Muxtar Respublika Xəstəxanasının Şahbuz rayonunda keçirdiyi humanitar tibbi aksiyada həkim briqadasının üzvləri 57 nəfəri ambulator müayinələrdən keçirərək müvafiq tövsiyələr veriblər. Cərrahi müdaxiləyə ehtiyacı olanlar üzərində uroloji, proktoloji qiqant yırtıq, öd kisəsi əməliyyatları aparılıb. Müayinə və əməliyyatların həyata keçirilməsində həkim-cərrahlardan Cəbi İsmayılov, Səfər Qədimov, Valid Kazımov, anestezioloqlardan Bəxtiyar Hüseynov, Elsevər Ağəliyevlə yanaşı, yerli həkim və orta tibb işçiləri də iştirak ediblər.
Şahbuz rayonundakı Kükü kənd sakini Nicat Əliyevin üzərində aparılan uroloji əməliyyat uğurla başa çatdırılıb, xəstə birgünlük müşahidədən sonra evə buraxılıb. Yüksəkixtisaslı heyət yerli həkimlərə müasir tibbi avadanlıqlardan istifadə qaydaları barədə də ətraflı məlumat veriblər. Laboratoriyada ümumi analizlərin olunması, infeksiyaların təyini, aparatların işləmə mexanizmi yerli həkim və tibb işçilərinə izah edilib.
Qeyd edək ki, Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim briqadası da Ordubad rayonunda əhaliyə pulsuz tibbi müayinə və müalicə xidmətləri göstərir.