CƏMİYYƏT
Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətləri ölçüyəgəlməzdir
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı Neft Daşları ərazi ilk partiya təşkilatında xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Bu barədə AZƏRTAC-a YAP Pirallahı rayon təşkilatından məlumat verilib.
Əvvəlcə YAP Pirallahı rayon təşkilatı Neft Daşları ərazi ilk partiya təşkilatının fəalları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Tədbir “dəyirmi masa” ətrafında davam etdirilib.
“Neft Daşları” neft və qaz çıxarma idarəsinin (NQÇİ) baş mühəndisi Azər Rüstəmov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Bu gün müstəqil Azərbaycan dövlətinin mövcudluğu üçün xalqımız məhz ümummilli lider Heydər Əliyevə borcludur.
YAP Pirallahı rayon təşkilatı Neft Daşları ərazi ilk partiya təşkilatı sədrinin müavini Əhməd Musayev bildirib ki, milli müstəqilliyimizin xilaskarı ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan Ümummilli Liderin hakimiyyəti dövründə iqtisadiyyat, elm, mədəniyyət, təhsil və digər sahələrdə böyük nailiyyətlər əldə edib. Bu gün Azərbaycan ümummilli lider Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə yeni zirvələrə doğru inamla addımlayır.
“Neft Daşları” qəzetinin baş redaktoru Xeyrulla Ağayev diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və ümumxalq məhəbbəti qazanan öndər kimi qalıb.